Yeni mövsümə uğurla start verən “Ferrari” titul uğrunda mübarizə aparmaqla yanaşı pilotlarını qorumağa da çalışır.
İtaliya komandası yaxın günlərdə ispaniyalı sürücüsü Karlos Saynsla müqavilə müddətini yeniləyəcək. Almaniya mətbuatının məlumatına görə, tərəflər əməkdaşlığı 2024-cü ilin sonuna qədər davam etdirməklə bağlı razılığa gəlib. Artıq aprel ayında “Ferrari” rəsmi məlumat yayacaq. Xatırladaq ki, Sayns ötən ilin əvvəlindən Skuderiya komandasında mübarizə aparır. O, ilk mövsümündə 5-ci yeri tutaraq hətta komandanın aparıcı pilotu Şarl Lekleri qabaqlaya da bilib. Karlos ötən mövsüm 4 dəfə fəxri kürsüyə yüksəlib. Həftə sonu Sayns Bəhreyn Qran-prisində Şarl Leklerdən 5 saniyə geri qalaraq yarışı ikinci sırada tamamlayıb.
Yeri gəlmişkən, “Ferrari”nin növbəti yarışlarda daha sürətli olacağı ilə bağlı məlumatlar dolaşır. “Red Bull” komandasından mətbuata sızan məlumata görə “Ferrari” 1 dövrəni 0,4 saniyə daha tez qət edəcək. Artıq həftəsonu keçiriləcək Səudiyyə Qran-prisində bunun şahidi ola bilərik.